Haqqımızda
Biznes hüququ və mübahisələrin həlli üzrə ixtisaslaşmış butik hüquq firması.
Yüksək akademik hazırlıq və dərin peşəkar təcrübəyə əsaslanan hüquqi tərəfdaşlıq.
Gurbanovas & Partners iki bacı - Qurbanovalar və onların partnyorları tərəfindən təsis edilmiş, bizneslərə hüquqi məsləhət və təmsilçilik xidmətləri göstərən müstəqil butik hüquq firmasıdır. Biz yerli və beynəlxalq şirkətlərə, fərdi sahibkarlara və investorlara korporativ və kommersiya hüququ, müqavilələr, tənzimləyici məsələlər, kommersiya mübahisələri və sərhədlərarası layihələr üzrə xidmət göstəririk.
Firmamız Azərbaycanda və xaricdə ən nüfuzlu universitetlərdə təhsil almış, hüquq firmalarında, korporativ mühitdə və dövlət sektorunda uzunillik təcrübə qazanmış hüquqşünasların təcrübəsini bir araya gətirir.
Gurbanovas & Partners müasir biznesin ehtiyaclarına cavab verən, yüksək peşə standartlarına və uzunmüddətli müştəri münasibətlərinə əsaslanan hüquq firması kimi yaradılıb.
Səkkiz prinsip. Bir xidmət standartı.
Bir biznes. Vahid hüquqi strategiya
Hər bir biznes - ideyası yarandığı gündən etibarən bütün fəaliyyət dövrü ərzində təsis məsələləri, korporativ idarəetmə, gündəlik hüquqi dəstək - dövlət orqanları ilə iş, müqavilələr, investisiya layihələri, mübahisələr, məhkəmələr, cərimələr və s. kimi yüzlərlərlə müxtəlif hüquqi istiqamətləri əhatə edən sual və problemlərlə üzləşir.
Biz bu məsələlərə ayrı-ayrı sənədlər və tapşırıqlar kimi deyil, biznesinizin bütöv hüquqi mənzərəsi kimi yanaşırıq. Müxtəlif istiqamətlər üzrə işi vahid strategiya daxilində əlaqələndirir və sizin üçün biznesinizi, müqavilələrinizi, qərar tarixçənizi və risklərə yanaşmanızı tanıyan davamlı hüquq tərəfdaşı oluruq.
Beləliklə, hər yeni məsələ yarandıqda yenidən hüquqşünas axtarmağa və biznesinizi əvvəldən izah etməyə ehtiyac qalmır.
Hər işdə birbaşa partnyor iştirakı
Hər bir tapşırıq üzrə məsul partnyor müəyyən edilir. İşin strategiyası partnyor tərəfindən formalaşdırılır, mühüm sənədlər şəxsən nəzərdən keçirilir və işin həlledici mərhələləri birbaşa partnyor iştirakı ilə aparılır.
Tapşırığın həcminə uyğun olaraq komandanın tərkibi dəyişə bilər. Lakin işin keyfiyyətinə, strategiyasına və nəticəsinə görə məsul partnyorun cavabdehliyi bütün proses boyu davam edir.
Yalnız biznes hüququna fokus
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin "kamil palançılıq yarımçıq papaqçılıqdan daha yaxşıdır" prinsipi əsasında fəaliyyət göstəririk. Hüququn bütün sahələrini əhatə etməyə çalışmır, səhər boşanma işi ilə əlaqədar məhkəmədə çıxış edib günorta istintaq təcridxanasında müstəntiqlə görüşüb axşam xidmət göstərdiyimiz müştərinin müqavilə bağlamağa hazırlaşdığı qarşı tərəflə danışıqlarda iştirak etmirik.
Məqsədimiz müxtəlif hüquqi xidmətlər üzrə çoxsaylı müştəriyə malik olmaq deyil, konkret bir sahə - biznes hüququ üzrə xidmətləri ən yüksək səviyyədə göstərməkdir.
Yalnız hüquqi cavab deyil, işlək biznes həlli
Hüquqi baxımdan düzgün cavab hər zaman biznes baxımından ən doğru qərar demək deyil.
Buna görə məsləhətlərimizi yalnız qanunun nə dediyi ilə məhdudlaşdırmırıq. Mümkün variantları kommersiya məqsədləriniz, vaxt, xərc, icra imkanları, reputasiya və mübahisə riskləri baxımından qiymətləndiririk.
Məqsədimiz mürəkkəb hüquqi məsələni aydın seçimlərə çevirmək, hər seçimin nəticəsini göstərmək və əsaslandırılmış tövsiyə verməkdir.
Aydın proses. Görünən irəliləyiş
Hüquqi xidmət qeyri-müəyyənlik yaratmamalıdır. İşinizin hansı mərhələdə olduğunu öyrənmək üçün hüquqşünasın ardınca düşməyə ehtiyac qalmamalıdır.
İşə başlamazdan əvvəl tapşırığın əhatəsi, qarşıya qoyulan məqsəd, məsul partnyor və əsas iş mərhələləri aydınlaşdırılır. Ehtiyac olduqda işin ehtimal olunan gedişini, mühüm qərar nöqtələrini və növbəti addımları göstərən yol xəritəsi hazırlanaraq sizə təqdim edilir.
İş davam edərkən atılan əhəmiyyətli addımlar barədə gecikdirilmədən məlumat verilir. Yeni risklər, yaranan alternativlər və qarşıdakı mərhələlər vaxtında izah olunur. Strategiyada mühüm dəyişiklik zərurəti yarandıqda, bunun səbəbləri və mümkün nəticələri sizinlə müzakirə edilir və növbəti istiqamət əvvəlcədən razılaşdırılır.
İşinizə aid sənədlər sistemli şəkildə saxlanılır və razılaşdırılmış təhlükəsiz kanal vasitəsilə sizin üçün əlçatan olur.
İş və ya hesabat dövrünün sonunda görülmüş işləri, əldə olunmuş nəticələri, açıq qalan məsələləri və növbəti addımları əks etdirən aydın hesabat təqdim edilir.
Beləliklə, siz hər mərhələdə nə edildiyini, işin hazırda harada olduğunu və bundan sonra nə gözlənildiyini aydın şəkildə bilirsiniz.
Peşə etikası və dürüstlük
Peşə etikası və dəyərlərimizlə ziddiyyət təşkil edən tapşırıqları qəbul etmir, maraqlar toqquşması ehtimalını hər bir müraciət üzrə əvvəlcədən qiymətləndiririk. Müştərilərimizə əsassız vədlər vermir, hüquqi mövqeyin güclü və zəif tərəflərini, mümkün riskləri və nəticələri açıq şəkildə izah edirik. Bizim üçün etimad həqiqəti gizlətməklə deyil, dürüstlük, müstəqillik və peşəkar məsuliyyətlə qazanılır.
Çevik model. Səmərəli büdcə
Rəqəmsal yönümlü iş modelimiz hüquqşünasların vaxtını yola, ənənəvi ofis infrastrukturuna və dəyər yaratmayan inzibati proseslərə deyil, müştəri işinə yönəltməyə imkan verir.
Görüşlərimizin əksəriyyəti videoformatda keçirilir; zəruri hallarda əyani görüşlər əvvəlcədən razılaşdırılır. Bu model məkandan asılılığı azaldır, komanda ilə əlaqəni asanlaşdırır və sənədlər üzərində daha çevik əməkdaşlıq imkanı yaradır.
İnzibati xərclərin aşağı olması həm də müştəri üçün dəyər yaratmayan xərclərin xidmət haqqına əlavə edilməməsi deməkdir.
Yerli reallığı bilən beynəlxalq baxış
Biz Azərbaycan hüquq sistemini və yerli biznes mühitinin praktik reallıqlarını uzunillik peşəkar təcrübədən tanıyırıq. Xaricdə qazandığımız akademik və peşəkar təcrübə isə məsələlərə beynəlxalq biznes standartları, fərqli hüquq sistemləri və sərhədlərarası risklər baxımından yanaşmağa imkan verir.
Bu iki baxışı birləşdirərək həm xarici investorların Azərbaycandakı fəaliyyətini, həm də Azərbaycan bizneslərinin xarici tərəfdaşlar və bazarlarla münasibətlərini yerli hüququn tələbləri ilə beynəlxalq əməliyyatın məqsədlərini uzlaşdıran vahid strategiya əsasında müşayiət edirik.